settings icon
share icon
Sual

Yenidən doğulmuş məsihçi olmaq nə deməkdir?

Cavab


Yenidən doğulmuş məsihçi olmaq nə deməkdir? Müqəddəs Kitabda bu suala cavab verən nümunəvi hissə Yəhya 3:1-21-dir. Rəbb İsa Məsih məşhur fərisey və Sinedrionun üzvü (yəhudilərin rəisi) olan Nakdimonla söhbət edir. Nakdimon İsanın yanına gecə gəlmişdi. Nakdimonun İsaya sualları var idi.

İsa Nakdimonla söhbət edəndə ona belə dedi, “Doğrusunu, doğrusunu sənə deyirəm: Bir kimsə yenidən doğulmasa, Allahın Səltənətini görə bilməz.” Nakdimon ona dedi, “Bir adam qoca ikən necə doğula bilər? Məgər o, ikinci dəfə anasının bətninə girib doğula bilər?” İsa cavab verdi, “Doğrusunu, doğrusunu sənə deyirəm: Bir kimsə sudan və Ruhdan doğulmasa, Allahın Səltənətinə girə bilməz. Bədəndən doğulan bədəndir, Ruhdan doğulan ruhdur. Sənə: "Yenidən doğulmalısınız", - dediyimə təəccüblənmə...” (Yəhya 3:3-7).

“Yenidən doğulma” ifadəsinin hərfi mənası “yuxarıdan doğulma”dır. Nakdimonun həqiqi ehtiyacı var idi. Onun ürəyinin dəyişilməsinə - ruhən dəyişilməyə ehtiyacı var idi. Yeni doğulma, yenidən doğulmuş olmaq Allahın iman edən kəsə əbədi həyatı verməsidir (2 Korinflilərə 5:17; Titus 3:5; 1 Peter 1:3; 1 Yəhya 2:29; 3:9; 4:7; 5:1-4, 18). Yəhya 1:12,13 göstərir ki, “yenidən doğulma” həmçinin özündə İsa Məsihə iman etməklə “Allahın övladı olmaq” ideyasını daşıyır.

Belə bir məntiqi sual yaranır, “Nə üçün insan yenidən doğulmalıdır?” Həvari Pavel Efeslilərə 2:1-də deyir, “Allah, təqsirləriniz və günahlarınız üzündən ölü olan sizləri də diriltdi...” Romalılara 3:23-də Pavel romalılara yazır, “Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır.” Beləliklə, insanın günahlarının bağışlanması və Allahla ünsiyyətinin olması üçün yenidən doğulmağa ehtiyacı var.

Bu necə ola bilər? Efeslilərə 2:8,9 bildirir ki, “Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın ənamıdır. Əməllərdən asılı deyil ki, heç kim öyünməsin.” Bir kəs “xilas olunanda,” o, yenidən doğulur, ruhən yeniləşir və artıq yenidən doğulma hüququ ilə Allahın övladı olur. Ruhən “yenidən doğulma”nın mənası bizim cəzamızı çarmıxda ölməklə ödəyən İsa Məsihə inamdır. “Buna görə kim Məsihdədirsə, yeni məxluqdur...” (2 Korinflilərə 5:17a).

Əgər sən heç vaxt Rəbb İsa Məsihə öz Xilaskarın kimi güvənməmisənsə, bunu Müqəddəs Ruhun sənin ürəyinə danışması kimi hesab edirsənmi? Sən yenidən doğulmalısan. Bu gün tövbə duasını edib, Məsihdə yeni məxluq olmaq istəyirsənmi? “Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isə Allahın oğulları olmaq haqqını verdi. Onlar nə qandan, nə bəşər iradəsindən, nə də kişi istəyindən, ancaq Allahdan doğuldular” (Yəhya 1:12-13).

Əgər sən İsa Məsihi öz Xilaskarın kimi qəbul etmək və yenidən doğulmaq istəyirsənsə, burada bir dua nümunəsi var. Yadda saxla ki, bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə - əbədi həyat ənamına görə çox minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.

English



Ana səhifəyə qayıt

Yenidən doğulmuş məsihçi olmaq nə deməkdir?
© Copyright Got Questions Ministries